Orta aylıq nominal əməkhaqqı sosial göstəricidirmi? | TƏHLİL

   Orta aylıq nominal əməkhaqqı sosial göstəricidirmi?    | TƏHLİL
  03 Sentyabr 2024    Oxunub:1732
Ölkədə orta aylıq nominal əməkhaqqı artmaqda davam edir. Bu ilin yanvar-may aylarında iqtisadiyyatda muzdla çalışan işçilər üzrə qeyd olunan göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 9,4% artaraq, 1 003,3 manat təşkil edib. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində sözügedən göstərici daha yüksək olub.
Cari ilin iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 749,4 min nəfər təşkil edib ki, onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunun payına düşüb. Bütövlükdə 2024-cü il ərzində orta aylıq nominal əməkhaqqı göstəricisinin ilkin olaraq 980 manat olacağı göstərilmişdisə, bir sıra makroiqtisadi rəqəmlərə əsasən, 990 manat olacağı gözlənilir. Bəs bu, əhalinin, daha dəqiqi, muzdla çalışanların real gəlirlərinin də artdığına dəlalət edirmi?

Qabaqcadan qeyd edim ki, yox. Bu ilin yanvar-iyun aylarında ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq, o cümlədən 15 milyard 036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9%, qeyri-ərzaq malları üzrə isə 5,2% artıq təşkil edib.

Ümumiyyətlə, ilin ötən ilk yarısı ərzində pərakəndə ticarət şəbəkəsindən alınan mallara xərclənilən vəsaitin 50,6%-i ərzaq, 4,6%-i içki ilə tütün məmulatlarının, 12,9%-i toxuculuq məhsulları ilə geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini ilə dizel yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları ilə tibbi ləvazimatların, 1,2%-i kompüterlərlə telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

6 ay ərzində pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən bir nəfər olmaqla orta hesabla ayda 445,7 manatlıq mal və məhsul alınıb ki, bunun 245,9 manatı ərzaq, içki və tütün məmulatlarının, 199,8 manatısa qeyri-ərzaq mallarının payına düşüb.

Göründüyü kimi əslində, əhalinin xərcləri artıb. Bəs real gəlirləri də artıbmı? Xeyr. Bu, heç də real gəlirlərin artması hesabına baş verməyib və vermir də... Göstərilən rəqəmlərdə istehlak qiymətlərinin yüksək olması və ümumən yaşayış minimumu imkanlarının bahalaşması faktorunun təsiri böyükdür.

Düzdür, qeyd oluna bilər ki, ötən 6 ay ərzində ölkədə istehlak qiymətləri indeksi cəmi 0,7% olub ki, bu, heç də çox deyil. Ancaq bu, bilavasitə bahalaşmanın dayandığını ehtiva edir, ucuzlaşmanı deyil. Ölkənin istehlak bazarında qiymətlər kifayət qədər yüksəkdir. Məsələn, yuxarıda qeyd etdiyim rəqəmlərdən adi bir misal çəkim: cari ilin iyul ayının 1-dən qiymət dəyişiklikləri olmadan öncə, yəni ötən 6 ay ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 557,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çox deməkdir.

Odur ki, orta aylıq nominal əməkhaqqı göstəricisi əslində çox şeyi ifadə etmir. Əvvəla burada söhbət vergi və bütün növ sosial ödənişlərlə birgə əməkhaqqı fondlarının cəmindən və onun mövcud işçi sayına bölünərək alınan göstəricidən gedir. Eyni zamanda, gizli məşğulluğun üzə çıxarılması nəticəsində əmək müqavilələrinin bağlanması sayı da orta aylıq nominal əməkhaqqıya təsir edir. 2019-cu ildən bəri ölkə üzrə bu sahədə ciddi irəliləyiş əldə edilib və 580 mindən çox əmək müqaviləsi bağlanıb. Nəticədə ölkədə əməkhaqqı fondu iki dəfədən çox artıb ki, xüsusən də, özəl sektorda əmək müqavilələrinin sayının çoxalması buna daha çox rəvac verib. Təkcə, son 6 ayda əmək müqavilələrinin bağlanması sayı 69 min ədədi keçib.

Ona görə də, ölkədə orta aylıq nominal əməkhaqqı göstəricisi durmadan yüksələn xətt üzrə inkişaf edir və görünən budur ki, hələ davam edəcək. Ancaq bu, sosial aspektdə əhalinin müdafiəsini gücləndirmək baxımından, 2019-cu ildən başlanılan siyasətdə durğunluq yaranmasına əsla yol açmamalıdır. Hətta il ərzində orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinin istehlak qiymətləri indeksindən yüksək olub-olmaması da qeyd olunan məsələdə ciddi istinad mənbəyi sayılmalı deyil.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Əməkhaqqı  





Xəbər lenti